MƏDƏNİYYƏT


İmadəddin Nəsiminin 650 illiyi Rotterdamda qeyd edilib

Rotterdam, 25 noyabr, AZƏRTAC

Beniluks Azərbaycanlıları Konqresinin (BAK) və onun nəzdində fəaliyyət göstərən Şimali Hollandiya Azərbaycanlıları Birliyinin təşkilatçılığı ilə Rotterdamda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, BAK-ın sədri Elsevər Məmmədov tədbiri giriş sözü ilə açaraq İmadəddin Nəsiminin ümumbəşər mədəniyyətin qüdrətli söz ustadlarından biri olduğunu vurğulayıb. Nəsimi Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir.

BAK-ın sədr müavini Sima Cəfərova bildirib ki, dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan Nəsimi əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir.

Tədbir iştirakçıları böyük şair haqqında fikirlərini bildirərək qeyd ediblər ki, İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır.

Tədbir bədii-musiqili hissə ilə davam edib. Bədii-musiqili hissədə Hollandiyada yaşayan Azərbaycan əsilli tanınmış musiqiçilər İlham Babayev, Sadiq Ağamaliyev və Cavid Səlimovun İmadəddin Nəsiminin qəzəli əsasında hazırladıqları musiqili kompozisiya iştirakçıların alqışları ilə qarşılanıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Rotterdam

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.