CƏMİYYƏT


İmişli və Şamaxıda inşa edilmiş çoxmənzilli yaşayış evləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunacaq

Bakı, 7 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramı ildən-ilə gücləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə bu kateqoriyalardan olan vətəndaşlar üçün İmişli rayonunda 54 mənzilli, Şamaxı rayonunda 36 mənzilli yaşayış binalarının tikintisi artıq başa çatdırılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yaxın günlərdə həmin binalardakı mənzillər növbədə dayanmış Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə veriləcək. Mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb, binaların həyətyanı sahələrində abadlaşdırma işləri görülüb.

Respublikamızın bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hazırda 67 fərdi evin inşası aparılır. Onların xeyli hissəsində tikinti işləri yekunlaşmaq üzrədir. Eyni zamanda, nazirlik tərəfindən həmin təbəqədən olanlar üçün hazır yaşayış binalarından təmirli mənzillərin satın alınması ilə əlaqədar işlər də davam etdirilir. Tikintisi başa çatmış fərdi evlər və alınmış mənzillər yaxın vaxtlarda istifadəyə veriləcək.

Prezident İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün cari ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Həmin Sərəncama əsasən 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına və nəticə etibarilə bu il 500-dən çox mənzilin həmin insanlara təqdim olunması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.