CƏMİYYƏT
İmişlidə Vətən müharibəsində şəhid olanların ruhuna dualar oxunub VİDEO
İmişli, 4 dekabr, AZƏRTAC
Bu gün Azərbaycanın hər yerində olduğu kimi, İmişlidə də şəhidlərimizin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, rayonda saatlar 12:00-da nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib, polis əməkdaşları hərbi salamlarla şəhidlərimizin xatirəsini anıblar.
Daha sonra İmişli rayon Cümə məscidində azan verilib, şəhidlərin ruhuna dualar oxunub, həmçinin vəhdət namazı qılınıb. İmişli rayon Cümə məscidinin axundu Adıgözəl Bəşirov söyləyib ki, bu tarix bizlərin hüzn günü ilə bərabər, həm də şanlı, şərəfli tariximizdir: “Çünki erməni faşistləri təkcə 1-ci Qarabağ müharibəsində törətdiyi vəhşiliklərlə deyil, hələ ötən əsrin əvvəllərində dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə də öz xislətlərini göstərib. 2-ci Qarabağ döyüşləri zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz 44 günlük zəfər yürüşündə torpaqlarımızı işğaldan azad etməklə bərabər, şəhidlərimizin qisasını aldı. Bu döyüşlərdə şəhidlik zirvəsinə ucalan hərbçilərimizin qanı bahasına torpaqlarımız azad edildi. Həmçinin rəşadətli ordumuz hərb meydanında düşmənə vurduğu sarsıdıcı zərbə siyasi meydanda düşmənin məğlub olması ilə nəticələndi. Bu zəfər sayəsində Kəlbəcər, Laçın, Ağdam kimi böyük rayonlar bir güllə atılmadan düşməndən azad edildi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.