REGİONLAR
İmişlidə pambıq sahələrindən hər gün 375-380 ton məhsul yığılır
İmişli, 30 sentyabr, Mahir Babayev, AZƏRTAC
İmişlidə pambıq yığımı sürətlə davam edir. Məhsul toplanışına mütəşəkkil başlayan “ağ qızıl” ustaları indiyədək sahələrdən 3 min 309 tondan çox məhsul toplayıblar. Hər gün 375-380 ton pambıq toplanaraq qəbul məntəqələrinə göndərilir. Tədarük olunan məhsulun 85-90 faizi birinci növ kimi qəbul olunub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 7 min 492 hektar sahədə pambıq əkilib. Ötən il sahələrdən 18 min tondan çox məhsul toplayan fermerlər cari təsərrüfat ilində də daha çox məhsul götürmək üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qulluq göstərildiyindən tarlalarda məhsul boldur. Artıq rayonda kütləvi pambıq yığımına başlanılıb. Məhsul yığımı həm əl, həm də maşınlarla aparılır. Hazırda sahələrdə 28 pambıqyığan kombayn işləyir və gün ərzində bu maşınlarla 310-320 ton məhsul toplanır.
Aranlı kənd sakini, təcrübəli pambıqçı Yunis Vəliyev rayonda ən yüksək məhsuldarlığa nail olan fermerlərdəndir. O, ötən il becərdiyi pambıq sahəsinin hər hektarından 34 sentner məhsul götürüb. Fermerin sahəsində bu ildə pambıq çoxdur.
“Rayon üzrə ən yüksək məhsuldarlığa nail olan fermerlər sırasındayam. Bu il 72 hektar sahədə məhsul becərmişəm. Bitkini aqrotexniki qaydada becərdiyimdən sahəmdə bol məhsul yetişib. Məhsulu maşınlarla toplayıram. İndiyədək 40 tondan çox pambıq yığmışıq. Yığım apardığımız sahənin məhsuldarlığı 45 sentnerdən çoxdur. İlk nəticə göstərir ki, bu mövsüm məhsuldarlıq ötən ildəkindən də yüksək olacaq”, - deyə fermer bildirib.
Qeyd edək ki, bu il imişlili pambıqçılar sahələrdən 20 min ton pambıq yığmağı qarşıya məqsəd qoyublar.