İQTİSADİYYAT
İnam Kərimov: Kənd yerlərinin inkişafı, xüsusilə kənd turizminin canlanması günümüzün aktual mövzularındandır VİDEO
Bakı, 17 fevral, Ceyhun Rüstəmov, AZƏRTAC
Kənd yerlərinin inkişafı, xüsusilə də kənd turizminin canlanması günümüzün aktual mövzularındandır. Ümumiyyətlə, kənd turizmi Azərbaycanda qeyri-neft sektorunun inkişafı baxımından böyük potensiala malik sahələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu fevralın 17-də Bakıda keçirilən “Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroturizm sisteminin yaradılması”na dair seminarda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
“Prezident İlham Əliyev tərəfindən qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi islahatlar həyata keçirilir. Bu islahatlar nəticəsində aqrar sahə dinamik inkişaf edir”, - deyən nazir bildirib ki, kənd təsərrüfatının inkişafı təkcə elm, təhsil, məşğulluq, innovasiya, ticarət kimi sahələrin deyil, turizm kimi sahələrin inkişafına da təkan verir. Kənd turizminin daha da inkişaf etdirilməsi regionlarda məşğulluq səviyyəsinin artmasına, təsərrüfat sahiblərinin gəlirlərinin çoxalmasına müsbət təsir göstərəcək.
“Həyata keçirdiyimiz aqroekoturizm layihələri pandemiya dövründə çətinliklərlə üzləşən daxili turizmin yenidən canlanmasına öz töhfəsini verəcək. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bir neçə ildir həyata keçirilən “Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində bölgələrdə onlarla aqroekoturizm obyektinin yaradılmasına dəstək verilib. Qax, Şəki, İsmayıllı, Balakən, Lənkəran və digər rayonlarda müasir tələblərə cavab verən aqroekoturizm obyektləri fəaliyyət göstərir. Həmin təsərrüfatların təmsilçiləri ilə apardığımız təhlillərin analizi göstərir ki, ölkəmizdə kənd turizminə maraq çox böyükdür. Şəhərlərdən gedən insanlarımız bu təsərrüfatlarda bir günlük olsa belə kənd həyatı yaşamağa, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının dadına baxmağa böyük maraq göstərirlər”, - deyə nazir əlavə edib.