ELM VƏ TƏHSİL
İncəsənət Kollecinin ixtisas müsabiqəsində iştirak etmək üçün nə qədər bal tələb olunur

Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) nəzdində İncəsənət Kollecinin ixtisaslarının müsabiqəsində qabiliyyət imtahanı nəticəsi 7 və daha yüksək bal olan abituriyentlər iştirak edə biləcəklər.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanı 2 mərhələ üzrə keçirilir. I mərhələdə abituriyentlər ümumi qaydada qəbul (cari ilin məzunları – buraxılış) imtahanında iştirak edirlər. Bu imtahanda topladıqları ümumi balı 50 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olan abituriyentlər qeydiyyatdan keçərək II mərhələdə qabiliyyət imtahanı verməlidirlər.