DÜNYA
İndoneziya “Boeing”dən izahat tələb edir: təzə layner niyə qəzaya uğrayıb?
Bakı, 1 noyabr, AZƏRTAC
İndoneziya hökuməti Amerikanın təyyarə istehsalçısından təzə “Boeing 737 MAX 8” laynerinin qəzaya uğramasının səbəbi barədə ətraflı izahat tələb edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu İndoneziyanın Nəqliyyatda Təhlükəsizlik Komitəsinin rəhbəri Soercanto Tacahono deyib.
“Bu tamamilə yeni layner növüdür və istehsalçı bizə onun qəzaya uğrama səbəbini izah etməlidir”, - deyə Soercanto Tacahono bildirib. O, həmçinin təhqiqatda iştirak etmək üçün Cakartaya gələn “Boeing” korporasiyasının və ABŞ-ın nəqliyyatda təhlükəsizliyin təminatı üzrə Milli Şurasının nümayəndələri ilə görüşəcəyini deyib.
Bir qədər əvvəl, İndoneziyanın nəqliyyat naziri Budi Karia Sumadi yerli aviakompaniyaların parklarında olan bütün “Boeing” təyyarələrinin yoxlanması nəticəsində heç bir texniki nasazlığın aşkarlanmadığını bildirib.
Xatırladaq ki, cəmi iki ay öncə istehsal olunan və Yava dənizi üzərində qəzaya uğrayan təyyarənin əvvəlki uçuşu zamanı sürət və naviqasiya cihazlarında ciddi nasazlıqlar aşkarlanmışdı. Lion Air aviaşirkəti təsdiqləyir ki, bütün nasazlıqlar aradan qaldırılmışdı.