SİYASƏT
İndoneziya saytları Azərbaycanın Vətən müharibəsi barədə AZƏRTAC-ın məqaləsini yayıb
Cakarta, 9 dekabr, AZƏRTAC
İndoneziyanın populyar “citayambersatu.com” və “warnaplus.com” informasiya saytları AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti Aslan Aslanovun Azərbaycanın Vətən müharibəsinə həsr olunmuş “Günəşli payızın qırx dörd anı” sərlövhəli publisistik məqaləsini dərc edib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, məqalə oxuculara ingilis və İndoneziya dillərində təqdim olunub.
Məqalədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibənin mühüm məqamlarından, 30 il davam edən işğala hərbi-siyasi yolla son qoyulmasından bəhs olunur. Xalqımızın ulu öndəri Heydər Əliyevin münaqişəni sülh yolu ilə həlli istiqamətində göstərdiyi səyləri xatırladan müəllif Ermənistan rəhbərliyinin danışıqlar prosesini pozmasını, son vaxtlar Azərbaycana qarşı mütəmadi hərbi təxribatlar törədilməsini diqqətə çatdırır, məhz bu səbəbdən müharibənin qaçılmaz olduğunu vurğulayır.
Ordumuzun uğurlu döyüş əməliyyatlarına, xüsusən müasir hərb tarixində misli görünməmiş Şuşa əməliyyatına geniş yer ayrılan məqalədə qeyd edilir ki, hərbi ekspertlər Azərbaycanın Vətən müharibəsini XXI əsrin müharibəsi adlandırır və bu modern təcrübəyə böyük maraq göstərirlər. Müharibənin yekunu olaraq işğalçı Ermənistan kapitulyasiya aktı imzalamağa və üç rayonu döyüşsüz təhvil verməyə məcbur edilib, bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olunub.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin, həmçinin informasiya məkanında və diplomatik müstəvidə nail olduğu uğurlardan danışılır, Qarabağda hərbi əməliyyatların aktiv fazasında xarici KİV-lərə verdiyi çoxsaylı müsahibələr buna misal göstərilir. Müəllif, eyni zamanda, Ermənistanın müharibə cinayətləri, o cümlədən işğal etdiyi ərazilərdə törətdiyi vəhşiliklər, mülki əhaliyə xain hücumları barədə də oxucuları məlumatlandırır, Qarabağın dağıdılmış şəhər və kəndlərinin bərpası ilə bağlı hökumətin planlarından ətraflı söhbət açır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta