DÜNYA
İndoneziyada COVID-19 koronavirusuna yoluxanların sayı artmaqda davam edir
Tokio, 6 aprel, AZƏRTAC
Aprelin 6-da İndoneziya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ölkədə COVID-19 koronavirusuna yoluxanların sayı daha 218 nəfər artaraq 2491 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, İndoneziya Səhiyyə Nazirliyinin xəstəliklərə nəzarət və onların profilaktikası idarəsinin rəhbəri Əhməd Yurianto daha 11 nəfərin öldüyünü də bildirib. Beləliklə, İndoneziyada koronavirusdan ölənlərin sayı 209 nəfərə çatıb.
Əlavə olaraq bildirilir ki, ölkə üzrə 192 nəfər həmin xəstəlikdən sağalaraq xəstəxanaları tərk edib.
Eyni zamanda, paytaxt Cakartada 101 nəfərin koronavirusa yoluxduğu və bununla xəstələrin sayının 1232 nəfərə çatdığı bildirilir. Bununla yanaşı, Cənubi Sulavesi əyalətində 30, Mərkəzi Yavada 12, Cənubi Yavada isə daha 11 nəfərin koronavirusa yoluxduğu qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio