DÜNYA
İndoneziyada məhv olmuş kaşalot barədə xəbər AFR ekologiya nazirini sarsıdıb
Berlin, 3 dekabr, AZƏRTAC
Almaniyanın ətraf mühitin mühafizəsi və nüvə təhlükəsizliyi naziri Svenya Şultse deyib: “Biz plastik tullantılarla bağlı vəziyyəti kökündən dəyişməliyik”.
Nazir bu sözləri İndoneziyada məhv olmuş kaşalot barədə xəbərdən sonra keçirdiyi dərin sarsıntı ilə əlaqədar söyləyib.
AZƏRTAC xəbər verir ki, həmin kaşalotun mədəsində 6 kiloqram plastik tullantı (115 ədəd plastik stəkan, 25 ədəd sellofan paket, 4 ədəd plastik şüşə qab, 2 cüt plastmas çəkələk və başqa əşyalar) aşkar edilib.
S.Şultse deyib: “Ölkəmiz müxtəlif tədbirlərdə və beynəlxalq səviyyəli görüşlərdə çoxdan bu təşəbbüslə çıxış edir və öz strategiyasını təklif edir. Lakin bu vəziyyətin G20 və G7 çərçivəsində yalnız müzakirə edilməsi AFR hökumətini artıq qane etmir”.
Nazir plastik tullantılar üzündən ətraf mühitin çirklənməsinin qarşısının alınmasında praktiki səylərini artıracağını vəd edib. O deyib: “Mənim nazirliyim yaxın 10 il ərzində bu məqsədlə 50 milyon avro vəsait ayıracaq”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin