ELM VƏ TƏHSİL
“İngilis dili mütəxəssisi” layihəsi çərçivəsində təlimlər başa çatıb
Bakı, 16 may, AZƏRTAC
Paytaxtdakı ümumi təhsil müəssisələrində “İngilis dili mütəxəssisi” layihəsi çərçivəsində təlimlər başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, layihə bu qurumun və Amerikanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb.
Amerikalı təhsil eksperti Rey Roberts layihə müddətində ümumi təhsil məktəblərində çalışan ingilis dili müəllimlərinə, eləcə də Təlimə Dəstək Mərkəzinin müxtəlif struktur bölmələrində fəaliyyət göstərən mentorlara “Sinfin idarə olunması” komponenti üzrə mütəmadi təlimlər keçib.
Təhsil eksperti, eyni zamanda, bir neçə ümumi təhsil məktəbində ingilis dili dərslərini müşahidə edib, yerli mütəxəssislərlə fikir mübadiləsi aparıb və dərslərin yekunu ilə bağlı müəllimlərə inkişafetdirici rəy verib.
Layihənin həyata keçirilməsinin məqsədi xarici dilin tədrisi üzrə mövcud ehtiyaclar, tələblər əsasında müəllimlərə müvafiq dəstək göstərmək və beynəlxalq təcrübənin məqsədəuyğun tətbiqi sahəsində mütəxəssislərin peşəkar inkişafı üçün səmərəli platforma yaratmaqdır.