ELM VƏ TƏHSİL
İnklüziv təhsil mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb
Bakı, 28 yanvar, AZƏRTAC
Paytaxt müəllimləri üçün “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimlərinə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, təlimlər Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNİSEF) əməkdaşlığı çərçivəsində reallaşdırılır.
İxtisasartırma təlimlərində BŞTİ-nin tabeliyindəki məktəblərdə fəaliyyət göstərən 500-dən çox ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulur. Təlimlər hər qrup üzrə 6 gün davam edəcək.
Təlimi uğurla tamamlamış müəllimlərə yekun qiymətləndirmənin nəticələrinə görə sertifikat veriləcək.
Təlimlərin keçirilməsində əsas məqsəd inklüziv təhsil sahəsində müəllimlərin əlavə təhsilinin təşkili barədə Təhsil nazirinin əmrinin icrası çərçivəsində müəllimlərin peşəkarlıq səviyyəsini və təlim bacarıqlarını artırmaq, onları inklüziv təhsil sahəsində yeni tədris üsullarının tətbiqinə təşviq etməkdən ibarətdir. İxtisasartırma təlimləri BMT-nin Uşaq Fondu tərəfindən icra edilən “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Müəllimlərin inklüziv təhsilə hazırlığının təmin edilməsi” layihələrinin tərkib hissəsidir.
Qeyd edək ki, ötən il “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimlərinə qatılmış və yekun qiymətləndirmədən keçmiş 1832 müəllimə də sertifikat təqdim olunacaq.