SİYASƏT
İordaniya agentliyi: Prezident İlham Əliyevin sərkərdəlik məharəti Azərbaycan Ordusunun möhtəşəm Qələbəsini təmin edib
Qahirə, 25 yanvar, AZƏRTAC
2020-ci ilin payızında 44 günlük Qarabağ müharibəsində Prezident İlham Əliyevin sərkərdəlik məharəti Azərbaycan Ordusunun möhtəşəm Qələbəsini təmin edib. Məhz dövlət başçısının liderliyi sayəsində azərbaycanlılar 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış əraziləri azad ediblər.
AZƏRTAC xəbər verir ki, bu sözlər jurnalist Motaz Muxi Əbdül Həmidin İordaniyanın “Nayrouz” agentliyinin saytında dərc olunmuş məqaləsində yer alıb.
Bu günlərdə Azərbaycan xalqının 20 Yanvar faciəsi qurbanlarının xatirəsini andığını diqqətə çatdıran müəllif yazıb: “Həmin hadisələr zamanı nümayişə çıxan insanlar həm ermənilərin Azərbaycan ərazilərini zəbt etmək cəhdlərinə, həm də soydaşlarının müasir Ermənistanda yerləşən dədə-baba torpaqlarından qovulmasına etiraz edirdilər. Qanlı Yanvar faciəsindən 30 il sonra – 2020-ci ilin sentyabr-noyabr aylarında qəhrəman Azərbaycan əsgərləri tarixi ədaləti bərpa etdilər. Artıq onların həyatlarını qurban verdikləri məqsədə nail olunub, işğaldan azad edilmiş torpaqlarda bütün şəhidlərin ruhuna dualar oxunur”.
Məqalədə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasından, hazırda Qoşulmama Hərəkatına sədrlik etməsindən, İslam dünyasının ayrılmaz hissəsi olmasından da bəhs edilir. Müəllif vurğulayır ki, rəsmi Bakı bütün ölkələrlə, o cümlədən İslam dövlətləri ilə mehriban qonşuluq əlaqələrini möhkəmləndirir. Azərbaycan, eyni zamanda, müasir dövlət quruculuğu, demokratiyanın inkişafı və vətəndaş azadlıqlarının, plüralizmin təmin edilməsi sahələrində böyük nailiyyətlər qazanıb. Özünün sülhsevər siyasətinə, başqa dövlətlərin ərazi bütövlüyünə hörmət, regional sabitlik və inkişaf prinsiplərinə sadiq qalan Azərbaycan, həmçinin ərəb ölkələrində də etibarlı tərəfdaş və dost imicinə malikdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə