ELM VƏ TƏHSİL
İqtisadiyyat İnstitutu gənc tədqiqatçılar arasında elmi məqalə müsabiqəsi keçirir
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutu ölkəmizin müxtəlif elmi-tədqiqat müəssisələrində və ali məktəblərində çalışan gənc iqtisadçı tədqiqatçıların fəaliyyətinin stimullaşdırılması məqsədilə elmi məqalə müsabiqəsi keçirir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqə İqtisadiyyat İnstitutunun 60 illik yubileyi çərçivəsində təşkil olunur. Müsabiqənin keçirilməsi üçün institut tərəfindən komissiya yaradılıb və məqalələr sentyabrın 30-dək qəbul olunur. Qaliblərə fəxri diplom və pul mükafatları təqdim ediləcək.
Müsabiqə 35 yaşınadək tədqiqatçıların son iki ildə elmi məcmuələrdə dərc olunmuş, iqtisadiyyatın müxtəlif sahələrini əks etdirən məqalələri üzrə keçirilir. Məqalələr Azərbaycan, ingilis və rus dillərində, bir və ya bir neçə müəllif tərəfindən (o cümlədən xarici həmkarlarla birlikdə) yazıla bilər. Eyni müəllif, yaxud həmmüəlliflər tərəfindən müsabiqəyə yalnız bir iş təqdim olunmalıdır. Müsabiqəyə tezis şəklində çap olunmuş elmi işlər qəbul edilmir.