İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası müzakirələr aparıb
Bakı, 8 may, AZƏRTAC
İqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional direktoru Yan Van Bilsen ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ş.Mustafayev Azərbaycanın beynəlxalq maliyyə institutları, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası ilə uğurlu əməkdaşlıq etdiyini, IFC tərəfindən kredit verilməsi, texniki yardım göstərilməsi, müştəri risklərinin və təşkilatların likvidliyinin idarə edilməsi və digər alətlər vasitəsilə özəl sektorun inkişafına göstərilən dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
IFC ilə neft-qaz, qeyri-neft sektorunun inkişafı, turizm, İKT, pərakəndə ticarət, investisiya mühitinin təkmilləşdirilməsi, korporativ idarəetmə, kiçik və orta sahibkarlığın inkişafı və digər sahələrdə əməkdaşlıq edildiyini vurğulayan nazir birgə fəaliyyət istiqamətlərinin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüb.
Görüşdə IFC və İqtisadiyyat Nazirliyinin birgə icra edilmiş "Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi" layihəsinin özəl sektor üçün əlverişli biznes və investisiya mühitinin təkmilləşdirilməsi, ölkəmizin “Doing Business” hesabatlarındakı göstəricilərinin yaxşılaşdırılması baxımından verdiyi töhfənin önəmi qeyd edilib.
İqtisadiyyat naziri "Azərbaycanda investisiya mühiti və aqrobiznes rəqabətliliyi” layihəsinin icrasına dair imzalanan əməkdaşlıq sazişləri və anlaşma memorandumlarının ölkəmizdə sahibkarlığın inkişafına əlavə stimul verəcəyini vurğulayıb.
Ş.Mustafayev ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat verərək əldə olunan nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edib. Belə ki, Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2019" hesabatında Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hesabatda Azərbaycanın mövqeyi 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib.
Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional direktoru Yan Van Bilsen ölkəmizə səfərindən, təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrindən məmnunluğunu ifadə edib. IFC-nin fəaliyyəti barədə məlumat verən regional direktor təşkilatın Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərdiyini və ölkəmizlə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb, qurumun bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak edəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.