DÜNYA
İraq: İŞİD-in Kərkükə hücumu dəf edilib
Bakı, 22 oktyabr, AZƏRTAC
İŞİD terror qruplaşmasının Kərkükə hücumu dayandırılıb. Bu bəyanatı İraq təhlükəsizlik qüvvələri yayıb.
AZƏRTAC xəbər verir ki, Associated Press agentliyinin məlumatına görə, ötən gün ərzində Kərkükdə şiddətli döyüşlər gedib. Bu gün briqada komandiri Xəttab Ömər bəyan edib ki, hücumda iştirak edən bütün yaraqlılar öldürülüb və ya özlərini partladıblar. Bununla belə, o, öldürülən terrorçuların sayını açıqlamayıb. Ekspertlərin mülahizələrinə görə, İŞİD-in Kərkükə hücumu hökumət qüvvələrinin diqqətini Mosul əməliyyatlarından yayındırmaq məqsədi daşıyır.
Mosuldan 170 kilometr məsafədə yerləşən Kərkük şəhəri dünən səhər İŞİD qruplaşması üzvlərinin qəfil hücumuna məruz qalıb. Yaraqlılar şəhərdəki inzibati binalara, həmçinin Dibis şəhəri rayonunda yerləşən elektrik stansiyasına hücum ediblər. Tikilməkdə olan stansiyanın 16 əməkdaşı terrorun qurbanı olub. Terrorçuların hücumu dəf edilərkən İraq təhlükəsizlik xidmətlərinin azı 46 əməkdaşı həyatını itirib, 133-ü isə yaralanıb.
Rudaw agentliyi şəhərdə qalan yaraqlılar və güc strukturları arasında döyüşlərin davam etdiyini bildirir.
BMT-nin məlumatına əsasən, zorakılığın ara vermədiyi İraqda sentyabr ayından bəri 1000-dən çox insan terrorun qurbanı olub, 1100 nəfərdən artıq insan isə xəsarət alıb.