SİYASƏT


İraq mətbuatında Azərbaycanın Müstəqillik Günü ilə bağlı məqalələr dərc olunub

Bağdad, 26 may, AZƏRTAC

Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədovun 28 May - Müstəqillik Günü ilə əlaqədar bir sıra yerli saytlarda məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, İraqın “Kalameh”, “Almawrid”, “Qitafnews”, “Remotnews”, “Anbaaiq”, “Mustaqbil” və digər internet resurslarında yerləşdirilən məqalələrdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması və tarixindən, eləcə də müasir dövrdə ölkəmizin inkişafından bəhs olunub.

Qeyd olunub ki, bu il müsəlman Şərqində ilk parlamentli respublika olan AXC-nin yaranmasının 104 illiyi tamam olur. İki ilə yaxın mövcud olmuş AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoyub. Lakin 2 ildən sonra bolşevik işğalı nəticəsində süquta uğrayıb. Azərbaycan 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyini bərpa edib.

Ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqillik əldə etmiş Azərbaycan daxili və xarici faktorların təsiri ilə dağılmaq ərəfəsində idi. Lakin Heydər Əliyevin hakimiyyətə qayıdışı bunun qarşısını aldı. Ulu Öndər ölkədə sabitliyi bərpa etdi, sosial-iqtisadi tənəzzülün qarşısını aldı, uğurlu xarici siyasət kursu müəyyənləşdirdi.

Bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun davam etdirilir. Prezident İlham Əliyev Azərbaycanı gücləndirərək işğal altındakı Qarabağı 44 gün ərzində azad etdi.

Materiallarda vurğulanıb ki, Azərbaycan ilə İraq arasında iqtisadi-ticarət əlaqələri inkişaf etməkdədir. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq əlaqələrinə malikdir. İraq hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bağdad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.