CƏMİYYƏT
“İrəli” İctimai Birliyi 20 Yanvar faciəsi ilə bağlı “Tarixin canlı şahidləri” mövzusunda görüş keçirib
Bakı, 19 yanvar, AZƏRTAC
“İrəli” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar “Tarixin canlı şahidləri” mövzusunda görüş keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, 200-dək gəncin iştirak etdiyi görüşün əsas məqsədi qəhrəmanlıq tariximizin şanlı səhifəsi olan 20 Yanvar faciəsi barədə gənc nəslin bilavasitə şahidlər vasitəsilə məlumatlandırılması, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi və Azərbaycan xalqının mübarizə tarixinin gənclərə aşılanması olub.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ARGTMŞ-in sədri Azər Əliyev bildirib ki, 20 Yanvar faciəsindən 31 il keçməsinə baxmayaraq, gənclər və gənclər təşkilatları bu cinayətin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində fəaliyyətlərini davam etidirirlər.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli vurğulayıb ki, 20 Yanvar hadisələrində canlarından keçən şəhidlərimiz gələcək nəsillərə qəhrəmanlıq nümunəsi göstərdilər.
“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxışında bildirib ki, 20 Yanvar şəhidləri Vətən, xalq, azadlıq və müstəqillik uğrunda canlarından keçiblər. Onların xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Anım tədbirində yazıçı, jurnalist Orxan Fikrətoğlu və 20 Yanvar faciəsinin şahidləri həmin qanlı gecədə baş verənlər barədə gənclərə məlumat verib, xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycanın azadlıq mübarizəsindən danışıblar. Diqqətə çatdırılıb ki, 20 Yanvar faciəsi Azərbaycan tarixinin ən dəhşətli hadisələrindən olmaqla yanaşı, həm də şərəfli səhifəsidir.
Tədbirdə Vətən müharibəsi şəhidlərinin də xatirəsi yad olunub, haqq savaşında qalib gələn igidlərimizə minnətdarlıq ifadə edilib.