SİYASƏT
“İrəli” İctimai Birliyinin IV hesabat-seçki konfransı işə başlamışdır
Bakı, 27 iyun (AZƏRTAC). İyunun 27-də “İrəli” İctimai Birliyinin IV hesabat-seçki konfransı işə başlamışdır.
AZƏRTAC xəbər verir ki, konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, dövlət və hökumət nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri iştirak edirlər.
Konfransın işə başlaması üçün yetərsayın olduğu bildirilmiş, tədbir açıq elan edilmişdir.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra konfransın katibliyinin və say komitəsinin üzvlüyünə seçkilər keçirilmişdir.
Sonra İctimai Birliyin ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilmişdir.
Məruzədə qeyd olunmuşdur ki, “İrəli” İctimai Birliyinin 2012-ci il mayın 5-də keçirilmiş III konfransından ötən müddətdə təşkilata 8432 yeni üzv qoşulmuşdur. Birlik üzvləri 231 xarici tədbirdə iştirak etmiş, 43 yeni, 14 beynəlxalq tərəfdaşlıq əlaqəsi yaratmış, 28 onlayn aksiya keçirmişdir. Birlik son iki ildə 412 yeni, o cümlədən 43 beynəlxalq layihə reallaşdırmışdır. Bu layihələrdə ümumilikdə 65 min nəfər iştirak etmişdir. “İrəli” tərəfindən bu illərdə müxtəlif sahələrə aid 1126 təlim təşkil edilmişdir.
İctimai Birliyin həyata keçirdiyi ən böyük layihələr sırasında “Mənim Prezidentim”, “Səs ver”, “10 il”, “Sosial Media Akademiyası”, “Gənc liderlər üçün qış universiteti” və s. xüsusi vurğulanmışdır. “Mənim Prezidentim” layihəsində seçki prosesində Azərbaycan gəncliyinin ən layiqli namizədi İlham Əliyevin təbliğat kampaniyasına töhfə vermək, “Səs ver” layihəsində ilk dəfə səs verəcək gənclərə seçki prosesində iştirakın əhəmiyyəti, “10 il”də isə Azərbaycan Prezidenti İlham Əliyevin on illik fəaliyyəti dövründə əldə edilmiş uğurların ictimaiyyətə, xüsusən də gənclərə çatdırılması istiqamətində tədbirlər keçirilmişdir.
Qeyd edilmişdir ki, hesabat dövründə gənclər arasında sosial məsuliyyətin artırılması, onların beynəlxalq inteqrasiyasının gücləndirilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili, fərdi inkişaflarının təmin olunması “İrəli”nin əsas istiqamətlərindən biri olmuşdur. İctimai Birliyin ən böyük uğurlardan biri qurumun 30 ali məktəbdə nümayəndəliklərinin yaradılmasıdır.
Hesabat məruzəsindən sonra mərkəzi nəzarət-təftiş komissiyasının rəyi təqdim olunmuş və səsə qoyularaq qəbul edilmişdir.
Sonra Birliyin üzvləri, gənclər təşkilatlarının nümayəndələri, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək görülən işlər, həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə danışmışlar.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov hesabat-seçki konfransında çıxış edərək dövlətimizin gənclər siyasətinin uğurlarından, qarşıda duran vəzifələrdən bəhs etmişdir.
Konfransda Birliyin mərkəzi nəzarət-təftiş komissiyasının üzvlüyünə və sədri vəzifəsinə səsvermə keçiriləcəkdir.