REGİONLAR


İşğaldan azad olunan Füzuli istiqamətində şəhərlərarası ilk müntəzəm avtobus marşrutu istifadəyə verilib VİDEO

Füzuli, 25 iyun, A.Yavərzadə, AZƏRTAC

İyunun 25-də Bakı–Füzuli–Bakı istiqamətində şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilib. İlk avtobus səhər saat 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşüb.

Sərnişinlər yol boyu dağıdılmış kəndləri, məhv edilmiş infrastrukturu müşahidə ediblər. Beş saatdan sonra sərnişinlər uzun illər həsrətində olduqları Füzuliyə çatıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli sakinləri 30 il əvvəl tərk etdikləri doğma yurdlarının erməni vandalizmi nəticəsində tanınmaz hala düşdüyünün şahidi olublar. Xalqımızın tarixi, mədəni irsini Yer üzündən silmək cəhdi, evlərə, abidələrə, hətta qəbirlərə, məscidlərə qarşı törədilən terror erməni vəhşiliyinin heç bir sərhəd tanımadığını bir daha nümayiş etdirir.

Vətəndaşlar bələdçinin müşayiəti ilə əvvəlcədən müəyyən edilmiş marşrut üzrə Merdinli kənd məscidini, Füzuli şəhər mərkəzini və Füzuli Beynəlxalq Hava Limanını, Qarğabazar Karvansaray kompleksini ziyarət ediblər. Səfər iştirakçıları işğal ərəfəsində ermənilər tərəfindən Merdinli kənd məscidinin heyvan saxlanması üçün istifadə edildiyinin də şahidi olublar.

Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mina təhlükəsizliyi ilə bağlı təqdim etdiyi videoçarxlar nümayiş olunub. Avtobuslar ilkin tibbi yardım çantaları ilə təchiz edilib.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı http://www.yolumuzqarabaga.az  portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad olunmuş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya olunub.

Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə yanvarın 24-dən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 206 reys həyata keçirilib. 8857 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.