İDMAN
İslam Abbasov: Yorğunluq və yol verdiyim səhv sözünü dedi
Bakı, 13 fevral, AZƏRTAC
Yarış yaxşı keçdi. Rəqiblər güclü idi. Çətin qrupa düşmüşdüm. Ona görə də sonadək mübarizə aparmalıydım.
AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanan yunan-Roma güləşçimiz İslam Abbasov deyib.
Çempionatda 87 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz bildirib ki, yarımfinaladək çox güc sərf etməli oldum. Yorğunluq və yol verdiyim səhv sözünü dedi. Bundan sonra görüşü lehimə çevirmək mümkün olmadı.
"Artıq "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya verən turnirlərə tam güclə hazırlaşmaq lazımdır. Çalışacağam ki, növbəti yarışları səhvsiz keçirim”, - deyə İ.Abbasov əlavə edib.
Qeyd edək ki, millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutublar.