MƏDƏNİYYƏT


İslam dünyası irsi üzrə “Gənc səfirlər proqramı” həyata keçiriləcək

Qahirə, 6 iyul, AZƏRTAC

İslam Dünyası Komitəsinin (IWHC) ISESCO-nun baş qərargahında keçirilən 10-cu iclasının yekun iclasında təşkilata üzv ölkələrin nümayəndələrinin iştirak edəcəyi “Gənc səfirlər proqramı” təsdiq olunub. Proqramın birinci mərhələsində İslam ölkələrindən, o cümlədən Azərbaycandan 3 min gənc maddi və qeyri-maddi irs abidələrinin təbliği və qorunması üzrə təlim kurslarına cəlb olunacaq, həmçinin onların arasından 30 səfir seçiləcək. Proqram üç coğrafi regionu əhatə edəcək.

Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, iclasda 8 ölkədəki – İraq, Pakistan, Kamerun, Mavritaniya, Küveyt, Mərakeş, İndoneziya və Nigeriyadakı 141 tarixi məkan və mədəni elementi İslam Dünyası İrsi Siyahısına daxil edilib. Azərbaycanın da daxil olduğu coğrafi məkan üzrə yeni maddi və qeyri-maddi irs abidələrinin siyahıya daxil edilməsi məsələsinə gələcək iclasda baxılacaq.

Komitənin 10-cu iclasında qəbul edilmiş qərarlarda, həmçinin “Maddi və Qeyri-Maddi Mədəni İrs Elementlərinin Qorunması üzrə Ən Yaxşı Təcrübələrin Siyahısı” adı altında yeni layihənin hazırlanması, iki sessiya arasında IWHC-nin nailiyyətləri haqqında hesabatın təsdiqi də yer alıb.

Komitə üzvləri artıq birinci hissəsi hazırlanmış “İslam dünyasının irsi” kitabını nəzərdən keçirib və ona lazımi düzəlişlər ediblər. Bu kitabın son variantı çap edilərək üzv dövlətlərə göndəriləcək.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.