ELM VƏ TƏHSİL
“İslam fəlsəfəsində Nəsimi fenomeni” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Bakı, 17 aprel, AZƏRTAC
Noyabrın 21-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə “İslam fəlsəfəsində Nəsimi fenomeni” mövzusunda beynəlxalq elmi-fəlsəfi konfrans keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbir 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında dövlət başçısının 2019-cu il 11 yanvar tarixli Sərəncamına əsasən təşkil olunacaq.
Konfransın keçirilməsində məqsəd İmadəddin Nəsiminin şəxsində Azərbaycan fəlsəfi fikrinin beynəlxalq səviyyədə təbliğidir.
Tədbirdə “Hürufilik və onun Azərbaycanda nümayəndələri”, “Hürufilik və sufizm: paralellər, fərqlər, oxşar cəhətlər”, “Nəsimi fəlsəfəsində mistika”, “Nəsimi fəlsəfəsində sufizm və hürufizm”, “Ənəl-həqq fenomeninin mahiyyəti və təzahürləri”, “Nəsimi poeziyası Azərbaycan sufi şeirinin zirvəsi kimi” və “Nəsimi: təxəyyül və reallıq arasında” mövzularında müzakirələr aparılacaq.
Məruzələrin tezisləri iyulun 1-dək [email protected] və [email protected] e-mail ünvanına göndərilməlidir.
Məqalələr konfransın elmi heyəti tərəfindən qiymətləndirildikdən sonra 15 gün ərzində müəllifə məlumat veriləcək. Qəbul edilmiş məruzələrin tam mətninin göndərilməsi üçün son tarix 10 oktyabr 2019-cu ildir.
Məqalə müəlliflərinə sertifikat veriləcək və konfrans materialları toplu şəklində dərc ediləcək.