REGİONLAR
İslam həmrəyliyi dövrün tələbidir
Ağcabədi, 26 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi İslam dünyasına ziddiyyətlərin aradan qaldırılmasına, məzhəblər arasında dialoqun qurulmasına və həmrəyliyə çağırışdır.
AZƏRTAC xəbər verir ki, bu fikir Ağcabədi rayon Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasında “İslam həmrəyliyi dövrün tələbidir” adlı layihə çərçivəsində keçirilən tədbirdə səsləndirilib.
“Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev Azərbaycanda heç vaxt dini zəmində qarşıdurma və məzhəb ayrı-seçkiliyi olmadığını diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizdə bu ilin “İslam Həmrəyliyi İli” elan olunmasının başlıca məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev bildirib ki, dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsində və dini etiqad azadlığının təminatında çox əhəmiyyətli işlər görülüb. İslam dünyasında böyük nüfuza malik olan Azərbaycan bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanına çevrilib. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə malik olduğumuz dini dəyərləri qorumağın vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, İslam həmrəyliyinə bütün İslam dünyasının ehtiyacı var.