CƏMİYYƏT
İşləməkdə davam edən 36 minə qədər təqaüdçünün pensiyası yenidən hesablanaraq orta hesabla 140,7 manat artırılıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Bu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinə yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və indi də işləməkdə davam edən 36 minə qədər vətəndaş müraciət edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə uyğun olaraq, onların pensiyalarının yenidən hesablanaraq artırılması təmin olunub və onların pensiyalarında orta hesabla 140,7 manat artım edilib.
Qeyd olunan maddəyə görə, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən etibarən işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək pensiyasının üzərinə gəlinir.