REGİONLAR
İsmayıllı sakinləri genişmiqyaslı ağacəkmə kampaniyasına qoşulublar VİDEO
İsmayıllı, 6 dekabr, AZƏRTAC
Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkək təşəbbüsünü rəğbətlə qarşılayan İsmayıllı sakinləri dekabrın 6-da keçirilən əkin kampaniyasına ciddi hazırlıqla gəliblər. İdarə, müəssisə və təşkilatların kollektivləri, gənclər, yaşlı nəslin nümayəndələri səhər saatlarında qabaqcadan təyin olunan ərazilərdə ağac əkiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saat 9-da İsmayıllı şəhərində yeni salınan Zəfər parkında böyük qələbəlik hökm sürürdü. Rayon sakinləri xoş musiqi sədaları altında irəlicədən hazırlanan çalalara ağac tingləri əkir, suvarır, dibini bərkidirdilər.
“Bir neçə ildən sonra bu park gözəl istirahət mərkəzinə çevriləcək”, - deyən rayon sakini Yusif Əfəndiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycandan kənarda da diqqəti cəlb edən, ekoloji baxımdan gələcəyimiz üçün vacib çağırış olan bu təşəbbüsü həm də böyük şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyinə gözəl bir töhfədir.
Bu gün şəhərin daha iki ərazisində - Heydər prospektində və Ə.Ələkbərzadə küçəsində də ağac əkini aparılıb. Şəhər ərazisində, İsmayıllı–Muğanlı yolunun 20-35 kilometrliyində minlərlə ağac əkilib.
Qəsəbə və kəndlərin ərazilərində də ayrılan xüsusi yerlərdə insanlar həvəslə çalışıblar. Qalıncaq, İvanovka, Qubaxəlilli və digər yerlərdə bu nəcib və xeyirxah aksiyada fəallıq göstərilib.
Daha çox yerli şərait üçün əlverişli olan müxtəlif növ ağac - qoz, fındıq, akasiya, göyrüş, şam tingləri əkilib.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 650 min ağac əkək təşəbbüsü ilə əlaqədar dekabrın 6-da keçirilən kampaniyada Ağsu, Kürdəmir, Zərdab, Ucar, Göyçay, Ağdaş, Qobustan rayonlarının sakinləri də böyük fəallıq göstərib, təbiətmizin gözəlliyinə öz töhfələrini veriblər.