REGİONLAR
İsmayıllıda çağırışçı gənclər həqiqi hərbi xidmətə yola salınıblar
İsmayıllı, 14 iyul, AZƏRTAC
İsmayıllı rayonunda çağırışçı gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev parkında təşkil olunan mərasimdə rayon rəhbərləri, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, polkovnik–leytenant Xamis Bədəlov tədbirdə çıxış edərək gənclərə təbriklərini çatdırıb, həqiqi hərbi xidmətin əhəmiyyətindən, Vətənin keşiyində durmağın hər bir insanın şərəfli borcu olmasından danışıb. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində regionun ən qüdrətli ordusuna çevrilən Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olduğunu bildirib.
Tədbirdə Rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev, valideyn Məzahir Tapulov, Qarabağ müharibəsi əlili Kamal Dadaşov çıxışlarında çağırışçı gənclərə nümunəvi həqiqi hərbi xidmət arzulayıb, onlara Vətənin keşiyində ayıq-sayıq durmağı tövsiyə ediblər.
Çağırışçılar adından çıxış edən İsmayıl Faxtiyev Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlarına, işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrlərinə hər an hazır olacaqlarına söz verib.
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova çağırışçı gəncləri təbrik edib, ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu dövlət siyasətindən danışıb. Vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi parad ordumuzun gücünü və qələbə əzmini bütün dünyaya nümayiş etdirdi.
Çıxışlardan sonra gənclər Azərbaycan Respublikasının dövlət bayrağını öpərək hərbi hissələrə yola salınıblar.