REGİONLAR
İsmayıllıda sel suları təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülür
İsmayıllı, 13 oktyabr, AZƏRTAC
İsmayıllı rayonunda güclü leysan yağışları zamanı daşqın təhlükəsinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisindən keçən magistral yollarda avtomobillərin rahat və təhlükəsiz hərəkəti üçün yeraltı drenajlar və körpü keçidləri təmizlənir, ətrafı genişləndirilir. Habelə, Talıstançayın məcrasında genişləndirmə və sahilbərkitmə işləri görülür. Ərazidə hazırda 4 texnika işləyir. Təhlükəli hesab olunan 2000 metr ərazidə qazma işləri aparılıb, çay məcrasının eni 30-45 metrə çatdırılıb. İlkin mərhələdə çayın 21 kilometrlik hissəsinin genişləndirilməsi nəzərdə tutulur. Çayda yeni bənd də salınıb.
Lahıc qəsəbəsinin daşqınlardan mühafizəsi məqsədilə Girdimançay və Gülyançayda da məcratəmizləmə işlərinə başlanıb. Yaşayış və əkin sahələrinin daşqından, sel sularından qorunması üçün Kəlbənd kəndi ərazisindən keçən Quruçayda da əsaslı sahilbərkitmə işlərinin aparılması, uzunluğu 29 kilometr olan Göyçay-İsmayıllı beton kanalının lildən təmizlənməsi nəzərdə tutulub.
İşlər İsmayıllı Rayon Suvarma Sistemləri İdarəsi və podratçı təşkilatlar tərəfindən birgə icra olunur.