REGİONLAR
İsmayıllıdakı velosiped zavodu Qafqazda bu tip ilk istehsal müəssisəsidir VİDEO
İsmayıllı, 22 avqust, Adil Ağayev, AZƏRTAC
İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yeni istifadəyə verilən “İSMA BİKES” velosiped istehsalı zavodu Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən zəruri və məqsədyönlü tədbirlərin nəticəsidir. Avqustun 10-da zavodun açılışında rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşü zamanı dövlətimizin başçısı deyib: “Azərbaycanın uğurlu inkişafı bax, belə müəssisələrdən asılıdır. Çünki bu gün həm sənaye istehsalı, həm də kənd təsərrüfatı istehsalı daha da böyük əhəmiyyət daşıyır. Mən dəfələrlə bunu qeyd etmişəm, bir daha demək istəyirəm ki, ölkəmizin bundan sonra uğurlu inkişafı bax, bu iki istiqamətdən asılı olacaq”.
AZƏRTAC xəbər verir ki, illik istehsal gücü 30 min ədəd velosiped olacaq zavod zəruri infrastrukturu ilə Qafqazda bu cür yeganə istehsal müəssisəsidir. Bolqarıstanın Sofiya velosiped zavodu ilə əməkdaşlıq çərçivəsində tikilən istehsal müəssisəsi Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsallı avadanlıqlarla təchiz olunub. Burada velosipedin bütün növləri üzrə istehsal nəzərdə tutulub. Xüsusilə 24, 26, 28 ölçülərdə dağ və sürət velosipedləri buraxılacaq. Habelə velosipedin disk hissələri də istehsal ediləcək.
İstehsal edilən velosipedlərin 200-400 manata satışı nəzərdə tutulub. Ümumiyyətlə, məhsullar bazar qiymətlərindən ucuz olacaq.
Hazırda müəssisədə 50 nəfər işçi çalışır. İlin sonunadək işçilərin 100 nəfərə çatdırılacağı planlaşdırılıb. Burada çalışanlar əsasən yerli sakinlər, xüsusən də Diyallı kəndindən və ətraf yaşayış məntəqələrindən olan işçilərdir.
Müəssisənin ərazisində müasir velotrek meydançası da var. Bununla əlaqədar respublika Velosiped İdman Federasiyasının əməkdaşı Elnur Əliyev AZƏRTAC-ın müxbirinə deyib: “Meydança 3 hektar ərazini əhatə edir. Burada velosiped idman yarışlarının keçirilməsi üçün bütün lazımi şərait var. Velosiped meydançası, həm də bölgədə idmanın bu növünün inkişafına güclü təkan verəcək”.