İQTİSADİYYAT
İspaniya portalı “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsinə dair yeni müqavilənin imzalanmasından yazır
Madrid, 14 sentyabr, AZƏRTAC
İspaniyanın diariovasco.com portalında “Azərbaycan Xəzərdə neft hasilatına dair müqaviləni 2050-ci ilə qədər uzadır” sərlövhəli məqalə dərc edilib. Məqalədə “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsinə dair müqavilənin müddətinin 2050-ci ilə qədər artırılması haqqında məlumat verilir.
Portal qeyd edir ki, Britaniyanın BP, Azərbaycanın SOCAR və ABŞ-ın Chevron, ExxonMobile şirkətləri 2050-ci ilə qədər bu yataqda neft hasilatını davam etdirmək barədə razılıq əldə ediblər. BP şirkətinin baş icraçı direktoru Rober Dadli bildirib ki, yaxın onilliklərdə “Azəri-Çıraq-Günəşli” yataqlarına 40 milyard dollar sərmayə qoyulacaq.
İspaniya portalı qeyd edir ki, imzalanma mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev SOCAR-ın iştirak payının 11.65 faizdən, 25 faizə yüksəldiyini elan edib.
Məqalənin sonunda “Azəri-Çıraq-Günəşli” layihəsinin işlənməsi haqqında ilk müqavilənin 1994-cü ildə imzalandığı və 2024-cü ilədək qüvvədə olduğu xatırladılır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid