CƏMİYYƏT
İspaniyada koronavirusa yoluxanlar arasında Azərbaycan vətəndaşı yoxdur
Madrid, 31 mart, AZƏRTAC
Bildiyimiz kimi İspaniya COVID-19 virusundan dünyasını dəyişənlərin sayına görə 3-cü yerdədir. Buna səbəb isə fövqəladə rejimin gec elan edilməsidir. Bu günə qədər statistikaya görə 85.000-dən çox yoluxma və 7600-dən çox ölüm halı qeydə alınıb. 16.780 nəfər isə xəstəlikdən sağalaraq evinə göndərilib.
Bu sözləri AZƏRTAC-a Diaspora iş üzrə Dövlət Komitəsinin İspaniya Krallığındakı Koordinasiya Şurasının əlaqələndiricisi, Sevilyada yaşayan Yaqut Novruzova deyib.
Yaqut Novruzova bildirib ki, yoluxanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Yaranan kritik vəziyyətdə İspaniyada yaşayan azərbaycanlılar böyük həmrəylik göstərir, sıx kontaktdadırlar və bir- birlərindən mənəvi dəstəyi əsirgəmirlər.
İspan hökuməti kütləvi yoluxmaların qarşısını almaq üçün mart ayının 14-dən etibarən karantin rejimi elan edib. Hazırda karantin müddətinin aprel ayının 11-nə qədər davam edəcəyi bildirilir. Lakin bu müddətin uzadılması da istisna edilmir. Yoluxmaların sayının sürətlə artdığına görə İspaniyanın Baş Naziri Pedro Sançes ölkədə fövqəladə vəziyyət elan edib. Vətəndaşlara yalnız aptek, ərzaq mağazaları və xəstəxanalara getmək üçün küçəyə çıxmağa icazə verilir. Əks halda vətəndaşları 100-3000 avro arası cərimə gözləyir. Polis və digər asayiş keşikçiləri bütün şəhərlərdə küçələri nəzarət altında saxlayır. Fövqəladə vəziyyətlə əlaqədar aprel ayında İspaniyanın bütün şəhərlərində ənənəvi keçirilən və minlərlə turist və yerli camaatın marağına səbəb olan Semana Santa və Sevilyada Feria bayramları təxirə salınıb. Hazırda İspaniya ordusu əksər şəhərlərdə müvəqqəti xəstəxanalar qurur və ictimai yerləri dezinfeksiya edir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid