CƏMİYYƏT
İsrailin Safari zooparkının baş baytar həkimi Altıağacda saxlanılan 10 qonur ayıya baxış keçirib
Bakı, 18 mart, AZƏRTAC
İsrailin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə bu ölkədəki Safari zooparkının baş baytar həkimi, İsraildə yerləşən Vəhşi Təbiət Xəstəxanasının direktoru Yiqal Horovitz Azərbaycana səfər edib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Yiqal Horovitz İsrailin Azərbaycandakı səfirinin birinci müavini Doron Peer ilə birlikdə Xızı rayonunda yerləşən Altıağac Milli Parkının nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası ilə tanış olublar, orada saxlanılan 10 qonur ayıya baxış keçiriblər.
Horovitz Heyvanları Mühafizəsi Cəmiyyətinin direktoru Fərid Mansurov və cəmiyyətin direktor müavini Kamilla Mişiyeva ilə konstruktiv dialoq apararaq, ayıların yaşayış şəraitinin və tibbi müalicəsinin yaxşılaşdırılması məqsədilə əlaqələri davam etdirmək, həmçinin iki ölkənin mütəxəssisləri arasında əməkdaşlıq qurmaq barədə razılığa gəliblər.