ELM VƏ TƏHSİL
İstanbul Universitetinin professoru: UNEC-in akademik etikası öyrənilməlidir
Bakı, 7 fevral, AZƏRTAC
UNEC-də Türkiyənin və Azərbaycanın nüfuzlu universitetlərinin təmsil olunduğu “Feyk elmi və akademik etika: müasir çağırışlar və yeni institutların inkişafı” mövzusunda elmi-praktik seminar keçirilib.
UNEC-dən AZƏRTAC-a bildiriblər ki, seminarda İstanbul Universitetinin prorektoru, professor Sedat Murat bilik cəmiyyətinin formalaşmasında akademik etikanın önəmindən söz açıb. Müasir dövrdə elmi tədqiqat sahəsində vüsət alan plagiatçılığın dünya elmini narahat edən qlobal problemə çevrildiyini diqqətə çatdıran professor, Türkiyənin plagiatçılıqla mübarizə metodlarından nümunələri diqqətə çatdırıb, bu prosesdə universitetlərin əhəmiyyətli rol oynadığını bildirib. UNEC-də elmi etikanın qorunması istiqamətində atılan addımları müsbət dəyərləndirən S.Murat bu təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.
Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı ali məktəblərin tədqiqatyönümlü universitetlərə çevrilməsinin əhəmiyyətindən danışıb, tədqiqatların beynəlxalq standartlara cavab verməsində akademik sərbəstlik və elmi mühit yaradılmasının vacibliyini vurğulayıb. Universitetləri beyin mərkəzləri adlandıran H.İsaxanlı tədrisə güclü tədqiqatçıların cəlb edilməsinin önəmindən danışıb.
Azərbaycan Universitetinin prorektoru, professor Yusif Qasımov isə saxta tədqiqat bazarı və “yırtıcı” jurnalların təyin olunması meyarlarını açıqlayıb, onlara qarşı mübarizə tədbirlərindən danışıb. İnternet üzərindən əksər elmi jurnalların əlyetərli olduğunu, qlobal elmi baza və kitabxanaların təqdim etdiyi xidmətlərin elmi fəaliyyətə təkan verdiyini qeyd edən professor, bunun plagiat üçün də münbit zəmin yaratdığını diqqətə çatdırıb, elmi müəssisələrin plagiatla mübarizəyə kompleks yanaşmasının zəruriliyini vurğulayıb.
BDU-nun professoru Kamil Səlimov elmi nəşrlərdə etik prinsiplərin qorunmasında Avropa təcrübəsindən danışıb, bu istiqamətdə akademik etik məcəllənin qəbul edilməsinin vacibliyini qeyd edib.
UNEC-in elm şöbəsinin müdiri, professor Zahid Məmmədov tədqiqatyönümlü universitetə çevrilməyi hədəfləyən UNEC-də bu istiqamətdə atılan addımlardan bəhs edib. O, müasir elmin inkişafında bibliometriya və elmmetriyanın artırılmasına diqqət çəkərək İndeks Hirş artırma texnologiyası və imitasiya elminin inkişafından söz açıb.
Elmi seminarda “yırtıcı” jurnallara qarşı mübarizə metodları səsləndirilib. Biliklə yanaşı, bilik istehsal edən bütün subyektlərin qiymətləndirilməsi, dövlətlərin və beynəlxalq qurumların bu sahədə qəbul etdiyi siyasətin perspektivləri, elmi fəaliyyətin kompleks qiymətləndirilməsi, qorunması və bilik cəmiyyətinin formalaşmasında elmi etikanın əhəmiyyəti müzakirə olunub.
Professorlar akademik etika mövzusunda kitabın hazırlanmasını təklif ediblər. Kitabın ən qısa zamanda nəşr olunması məqsədilə işçi qrupu yaradılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.