İDMAN
İstanbul derbisi: "Qalatasaray"-"Fənərbağça" oyununda hesab açılmayıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də futbol üzrə Türkiyə Super Liqasının 9-cu turunda İstanbul derbisi oynanılıb.
AZƏRTAC xəbər verir ki, çempionatın lideri "Qalatasaray" komandası əzəli rəqibi "Fənərbağça"nı qəbul edib.
Baş hakim Cüneyt Çakırın idarə etdiyi oyunda hesab açılmasa da, matç bir sıra gərgin anlarla yadda qalıb.
Oyunun 73-cü dəqiqəsində meydan sahibləri sayca azlıqda qalıblar. Belə ki, Belhanda ikinci sarı vərəqə ilə cəzalandırılaraq oyunu tərk edib. Lakin qonaqlar bu imkandan yararlana bilməyiblər və oyun qolsuz, heç-heçə ilə başa çatıb.
Görüşün əvvəlində azarkeşlər arasında qarşıdurmalarla başlayan gərginlik matç boyu davam edib. Gərginlik hər iki komandanın baş məşqçiləri İqor Tudor və Aykut Kocaman arasında da yaşanıb.
Bundan başqa, yan hakim Tarık Ongün azarkeşlər tərəfindən naməlum əşyanın stadiona atılması nəticəsində başından zədə alıb.
Buna baxmayaraq, bu görüş cari mövsümdə Super Liqada ən çox tamaşaçının baxdığı qarşılaşma olub. Belə ki, "Türk Telekom Arena"da oyunu 50 min 291 tamaşaçı izləyib.
Doğma meydanda xal itirməsinə baxmayaraq, "Qalatasaray" çempionatda liderliyini qoruyur. Bu komandanın aktivində 23 xal var. "Fənərbağça" 15 xalla altıncı sırada qərarlaşsa da, yeddinci yerdəki "Beşiktaş"ın doğma meydanda "Medipol Başakşəhər" komandasını məğlub edəcəyi təqdirdə bir pillə geriləyə bilər. Lider "Qalatasaray"dan altı xal geridə qalan "Göztəpə", "Akhisar Bələdiyyə", "Kayserispor" ilk dördlüyü tamamlayırlar. Beşinci sıradakı "Medipol Başakşəhər"in isə 16 xalı var.