MƏDƏNİYYƏT
İstanbulda Azərbaycanın əməkdar incəsənət xadiminin yubileyi qeyd olunub
İstanbul, 1 avqust (AZƏRTAC). İstanbulda tanınmış azərbaycanlı aktyor və rejissor, Əməkdar İncəsənət Xadimi, professor Cahangir Novruzovun 60 illik yubileyi qeyd olunub.
Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Həsən Zeynalovun da iştirak etdiyi tədbirdə Azərbaycan və Türkiyədən olan görkəmli mədəniyyət xadimləri, elm və təhsil adamları, şəhər ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.
Mərasimdə yubilyarın mənalı ömür yolundan, Türkiyədə Azərbaycan mədəniyyətini fəal şəkildə təmsil etməsindən, sənətkarın anası, Xalq Artisti Nəsibə Zeynalovanın teatr sənətimizin inkişafındakı xidmətlərindən söz açılıb.
Vurğulanıb ki, Azərbaycanı qardaş ölkədə ləyaqətlə təmsil edən görkəmli sənətkarımız Cahangir Novruzov burada mədəni-siyasi tədbirlərdə yaxından iştirak edir, Azərbaycan və Türkiyə mədəniyyətinin inkişafına böyük töhfələr verir.
Qeyd edilib ki, hazırda Türkiyənin Adana şəhərindəki Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışan professor C. Novruzov 2011-ci ildə Azərbaycanın Əməkdar İncəsənət Xadimi fəxri adına, 2014-cü ildə TÜRKSOY-un “İyirmi illik medalı”na layiq görünüb.
Yubiley rəngarəng konsert proqramı ilə davam etdirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul