İQTİSADİYYAT
İstanbulda keçirilən Qlobal Sahibkarlıq Konqresində Azərbaycanda sahibkarlığın inkişafından danışılıb VİDEO
İstanbul, 16 aprel, AZƏRTAC
İstanbulda 170-dən çox ölkədən rəsmilərin, sahibkarların, tədqiqatçıların iştirakı ilə “Qlobal Sahibkarlıq Konqresi-2018” işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konqresdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edir.
Konqresin nazirlər toplantısında çıxış edən nazir müavini Sahib Məmmədov Azərbaycanın sosial-iqtisadi həyatında mühüm sahələrdən biri olan sahibkarlığın inkişaf istiqamətləri barədə geniş məlumata verib. Azərbaycanda sahibkarlığın inkişafı üçün mükəmməl qanunvericilik bazasının yarandığını diqqətə çatdıran nazir müavini bildirib ki, ölkəmizdə startapçıların dəstəklənməsi, sahibkarlıq ekosisteminin inkişafı, ideyanın biznesə çevrilməsi sahəsində geniş dövlət tədbirləri həyata keçirilir. Bundan başqa, S.Məmmədov sahibkarlara maliyyə resurslarına çıxış, güzəştli kreditlər, sahibkarların maarifləndirilməsi, startapçıların inkişafı üçün biznes-inkubatorunun yaradılması kimi tədbirlərdən danışıb. Məlumat verilib ki, Azərbaycan iqtisadiyyatında özəl sektorun payı ümumi daxili məhsulda 80 faizi, məşğulluqda isə 75 faizi ötüb. Hazırda qeydiyyatdan keçmiş sahibkarlıq subyektinin sayı 900 mindən yuxarıdır.
Qeyd edək ki, Qlobal Sahibkarlıq Konqresi dünyada sahibkarlıq fəaliyyətinə yeni başlayan və iş yerləri yaradan startapçılar üçün ən böyük tədbirlərdən hesab edilir. Konqresin məqsədi sahibkarlığın inkişafı istiqamətində yeni ideyaların və təşəbbüslərin formalaşması, sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi üçün bir platforma olaraq geniş müzakirəsini təşkil etməkdir.
Konqres aprelin 19-dək davam edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul