SİYASƏT
İstanbulda keçirilən Xəzər Forumunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunmuşdur VİDEO
İstanbul, 5 dekabr (AZƏRTAC). İstanbulda keçirilən Xəzər forumunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunmuşdur.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirmişdir ki, Azərbaycan sürətlə inkişaf edən, bütün regional layihələrin fəal iştirakçısı və təşəbbüskarı olan bir dövlətdir. Lakin, ərazilərimizin 20 faizinin Ermənistanın işğalı altında olması regional inkişafa əngəl törədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bölgədəki kommunikasiya layihələrinin həyata keçirilməsi üçün daha yaxşı şərait yaradardı.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı Dağlıq Qarabağın və ətraf rayonların işğalının Ermənistanı bütün regiondan təcrid etdiyini demişdir. Onun sözlərinə görə, dərin iqtisadi böhran keçirən Ermənistan bu torpaqları uzun müddət işğal altında saxlaya bilməz. Azərbaycan isə, regionun lider dövlətinə çevrilmiş, bütün layihələrin təşəbbüsçüsü olmuşdur.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Mikeladze də münaqişələrin regionda inkişafa əngəl olduğunu, onların sülh yolu ilə həllinin zəruriliyini demişdir.
Oqtay Baytramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul