CƏMİYYƏT
İstanbulda keçirilən tədbirlərdə Azərbaycanın və Türkiyənin həmkarlar ittifaqlarının əməkdaşlığından bəhs olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində “Avrasiya Qida, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqları Federasiyası (TOLEYİS) ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının işgüzar əlaqələri” mövzusunda tədbir keçirilib.
Konfederasiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirak edən AHİK-in sədri, deputat Səttar Möhbalıyevin federasiyanın həmkarlar ittifaqı fəalları ilə görüşü olub.
Görüşdən əvvəl İstanbul şəhərinin Sarıyer ərazisində Azərbaycanın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək əziz xatirəsi böyük ehtiramla yad edilib, abidəsinin önünə gül dəstələləri qoyulub. Ziyarətdə Avrasiya Qida, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqıları Federasiyasının sədri Cemail Bakındı, sədrin müavini Murat Bakındı, baş katib Əli Şahin və federasiyanın digər məsul şəxsləri də iştirak ediblər.
Ziyarətdən sonra AHİK-in sədri, deputat, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev Avrasiya Qida, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqları Federasiyasının rəhbər heyətinin fəalları, o cümlədən gəncləri ilə görüşüb. Görüşdə iki qardaş dövlətin həmkarlar ittifaqlarının səmimi qardaşlıq münasibətləri, həyata keçirilən birgə tədbirlər və əməkdaşlıqla yanaşı, gənclərin məşğulluq və sosial problemlərinin həlli ilə bağlı məsələlər müzakirə olunub. Tədbirdə vurğulanıb ki, hər iki həmkarlar ittifaqının rəhbərinin və fəallarının vaxtaşırı olaraq Bakı və İstanbulda görüşmələri, fikir mübadilələri aparmaları ümumi işə, yəni işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsinə öz müsbət təsirini göstərməkdədir.
AHİK sədri Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçdiyi tarixi yol və fəaliyyət istiqamətləri barədə iştirakçıları məlumatlandırıb. Səttar Möhbalıyev, eyni zamanda, BHİK-in və Pan Avropa Regional Şurasının vitse-prezidenti kimi Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti, onun strukturları və qarşısında duran vəzifələr barədə gənc dinləyicilərə ətraflı məlumat verib. Bu gün dünya həmkarlar ittifaqlarının qarşısında bütün dünyanı bürümüş COVID-19 pandemiyasının törətdiyi fəsadların və işsizliyin aradan qaldırılmasında, postpandemiya dövründə ölkələrin iqtisadiyyatının dirçəldilməsində həmkarlar ittifaqlarının rolunu xüsusi vurğulayıb, bu məqsədlə sosial dialoqun önəmini iştirakçıların diqqətinə çatdırıb.
Sədr tədbirdə iştirak edən fəalları və gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırmışdır. Sonda AHİK sədri Səttar Möhbalıyev görüşün təşkilinə və göstərdikləri qonaqpərvərliyə görə federasiyanın rəhbər heyətinə, o cümlədən onun sədri Cemail Bakındıya dərin təşəkkürünü bildirib.