DÜNYA
İstanbulu su ilə təmin edən hövzə və göllərdə doluluq səviyyəsi iki dəfə artıb
İstanbul, 31 yanvar, AZƏRTAC
Yanvarın son 22 günü ərzində Türkiyə ərazisində davam edən yağıntılı hava şəraiti İstanbulu su ilə təmin edən və quruma təhlükəsi ilə üzləşən hövzə və göllərdə doluluq səviyyəsinin iki dəfə artmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, İstanbulun Su və Kanalizasiya İdarəsindən (İSKİ) verilən son məlumatlara əsasən, hazırda bu bölgələrdə suyun miqdarı ümumi həcmin 40,39 faizini təşkil edir. Yanvarın 8-də bu rəqəm 19,16 faiz idi.
İstanbulun əhəmiyyətli hissəsini su ilə təmin edən və şəhərin ən böyük su hövzələrindən biri olan Terkosda suyun miqdarı 39,74 faizə yüksəlib. Ən çox artım isə 51,65 faizlə Alibeyköydə qeydə alınıb. Hər iki hövzədə əvvəllər quruyan sahələr yenidən su ilə dolmağa başlayıb.
Qeyd edək ki, keçən il İstanbulun su hövzələrində ən yüksək doluluq nisbəti 66,58 faiz olaraq may ayında ölçülüb. Bu tarixdən etibarən azalmağa başlayan su miqdarı sentyabr ayında 41,95, dekabrda isə 22,32 faizədək enib. Mütəxəssislərin həyəcan təbili çalmalarına səbəb olan ən aşağı səviyyə isə 19,16 faizlə yanvarın 9-da ölçülüb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul