CƏMİYYƏT
İstehlakçıların maarifləndirilməsi üçün yeni videoçarx hazırlanıb
Bakı, 4 dekabr, AZƏRTAC
Qida məhsulları alarkən etiket məlumatları ilə tanış olmaq zəruridir. Bununla yanaşı etiketləmə haqqında qida məhsulları istehsalçılarının əməl etməli və istehlakçıların mütləq şəkildə diqqət yetirməli olduğu digər vacib məlumatlar da var. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bütün bunları nəzərə alaraq təqdim etdiyi yeni videoçarxda qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərin qanunvericiliyin tələblərini gözləməsi və istehlakçı hüquqlarının təmin olunması üçün onların özlərinin də prosesdə fəal iştirakını tövsiyə edilir.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, videoçarxda qeyd edilir ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, istehsalçılar istehsal etdikləri məhsulları texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun qablaşdırmalı və etiketləməlidirlər. Etiketdə məhsulun adı, növü, tərkibi, miqdarı, qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda tələb olunan digər məlumatlar əks olunmalıdır.
Agentlik əhalinin qida təhlükəsizliyi sahəsində məlumatlılığını artırmaq üçün bundan sonra da maarifləndirici videoçarxların hazırlanması və təqdim olunmasını mütəmadi şəkildə davam etdirəcək.
Qida təhlükəsizliyi ilə əlaqədar əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi təbirlərdə fəal iştirakına və dəstəyinə görə agentlik “Veysəloğlu” Şirkətlər Qrupuna təşəkkür edir.