REGİONLAR
İstifadə üçün yararsız bir sıra heyvan mənşəli məhsullar çıxdaş edilərək zərərsizləşdirilmişdir
Bakı, 6 fevral (AZƏRTAC). Dövlət baytarlıq nəzarətində olan heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması məqsədilə 2013-cü ildə respublikanın ticarət obyektlərində fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında müayinələr aparılmışdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müayinələr nəticəsində 357 kiloqram mal əti, 339 kiloqram qoyun əti, 293 kiloqram donuz əti, 10152 kiloqram daxili orqanlar, 452 kiloqram balıq, 2562 kiloqram süd və süd məhsulları, 723 kiloqram quş əti, 49 kiloqram bal və 5247 ədəd yumurta istifadə üçün yararsız hesab olunmuşdur.
Bu məhsullar çıxdaş edilərək baytarlıq qanunvericiliyinə uyğun surətdə zərərsizləşdirilmişdir. Eyni zamanda, Dövlət Baytarlıq Müfəttişliyinin xətti ilə dövlət baytarlıq nəzarətində olan iki obyektdə baytarlıq-sanitariya vəziyyəti araşdırılmış, 955 kiloqram mənşəyi məlum olmayan at əti aşkarlanaraq Bakı heyvanat parkına verilmişdir.
Ötən il respublikanın ticarət obyektlərində fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyaları üçün müasir avadanlıqlar alınmışdır.