DÜNYA


İsveç hökuməti dərs zamanı mobil telefondan istifadəni qadağan etmək istəyir

Stokholm, 6 fevral, AZƏRTAC

İsveç hökuməti məktəblilərin dərs zamanı mobil telefondan istifadə etməsinə qadağa qoymaq istədiyini bildirib.

AZƏRTAC İsveç KİV-lərinə istinadla bildirir ki, Krallıqda təhsil alanların dərs zamanı mobil telefonlardan istifadə etməsinə icazə verməyən məktəblər artıq var. Mövcud qanunvericilik məktəb direktorunun bu məsələ ilə bağlı müstəqil qərar qəbul etməsinə icazə verir. Lakin hökumət bütün məktəblər üçün eyni olan universal qaydanın tətbiq edilməsini istəyir.

Bildirilir ki, dərslərdə nizam-intizam təmin edilməlidir. Təhsil alanlar diqqətlərini mobil telefonlar üzərində deyil, dərsləri üzərində cəmləşdirməlidirlər.

Buna baxmayaraq, bu qaydanın necə işləyəcəyi hələlik aydın deyil. Məsələn, yeni qaydanın müəllifləri qadağanın hansı təhsil növünə - məktəbəqədər, ümumi ibtidai və orta təhsilə tətbiq ediləcəyini müəyyənləşdirməyiblər.

Hazırda İsveç hökuməti başqa partiyalarla danışıqlar aparır ki, yeni qaydaların qüvvəyə minməsi üçün onların dəstəyini təmin etsin. Qeyd edək ki, hökumətin dərslərdə mobil devaysların qadağan edilməsi haqqında təklifi də tənqidlə qarşılanıb. Bu sahəni öyrənən tədqiqatçı Torbörn Ott jurnalistlərə müsahibəsində bildirib ki, məktəbdə mobil telefonların qadağan edilməsini düzgün addım saymır. O deyib ki, məktəblər rəqəmsal təhsilin yaradılması üzərində çox işləyiblər, mobil devayslar isə müasir dünyada əsas rol oynayır. Təhsil alanlar mütaliə üçün planşet və kompüterlərdən istifadə edirlər. Belə olan halda onların həyatında ən mühüm rəqəmsal vasitə olan mobil telefonları qadağan etmək təəccüblüdür.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.