SİYASƏT
İsveçdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). İsveç Krallığının Malmö şəhərində fevralın 26-da İsveç Azərbaycanlıları Konqresinin üzvü olan “Xəzər” Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Malmö ilə yanaşı Lund, Stokholm, Götöborq, Kalmar və Linshöping şəhərlərində fəaliyyət göstərən dərnək və cəmiyyətlərin nümayəndələri də iştirak etmişlər.
Anma mərasimi “Erməni terroru” filminin nümayişi ilə başlanmışdır. Daha sonra mərasim iştirakçıları erməni faşistlərinin Xocalıda törətdikləri soyqırımını kəskin şəkildə qınamış, onları insanlığa qarşı cinayət törətməkdə ittiham etmişlər.
Mərasimdə İsveç və Danimarka parlamentlərinə Xocalı soyqırımı ilə əlaqədar təklif mətninin hazırlanması məqsədi ilə işçi qrupu yaradılmışdır.
İştirakçılar Xocalı soyqırımı ilə bağlı gələn il fevralın 26-da Malmö şəhərinin mərkəzi meydanlarından birində izdihamlı nümayişin keçirilməsi ilə bağlı qərar qəbul etmişlər.