DÜNYA
İtaliyada sağçı və mühafizəkar qüvvələr yeni siyasi alyans qurmağa hazırlaşır
Roma, 6 iyun, AZƏRTAC
İtaliyada sağçı “Leqa” və mühafizəkar “Forza İtalia” partiyaları yaxın gələcəkdə sıx əməkdaşlığa dair razılıq əldə ediblər.
AZƏRTAC xəbər verir ki, “Leqa“ rəhbəri, keçmiş daxili işlər naziri Matteo Salvini və “Forza İtalia“ partiyasının sədri, keçmiş Baş nazir Silvio Berluskoni hazırkı Baş nazir Mario Draqinin rəhbərlik etdiyi hökumətin fəaliyyətini dəstəkləmək üçün sağ-mərkəzçi partiyaların federasiyasını yaradacaqlar. Onlar, eyni zamanda, İtaliya parlamentində birgə fraksiyanın yaradılması məsələsini də nəzərdən keçiriblər.
Federasiyanın planları bu ilin oktyabr ayında keçiriləcək bələdiyyə seçkilərində ölkənin bir sıra regionlarında 1300 bələdiyyə üçün birgə namizədlərin müəyyən edilməsi, eyni zamanda, 2023-cü ildə keçiriləcək parlament seçkilərinə hazırlaşmaqdır. Bələdiyyə seçkilərində Roma, Milan, Neapol, Turin və Bolonya kimi mühüm şəhərlərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma