SİYASƏT
İtaliyanın “Agenzia Nova” portalı bu ölkənin nümayəndə heyətinin Azərbaycana səfərindən yazıb
Roma, 8 mart, AZƏRTAC
İtaliyanın nüfuzlu “Agenzia Nova” portalında ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldinin Azərbaycana səfəri zamanı Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ilə görüşünə dair məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, “Bakıda İtaliyanın və Azərbaycanın nümayəndə heyətləri arasında görüş” sərlövhəli məqalədə nümayəndə heyətləri sədrlərinin müxtəlif məsələləri, o cümlədən ATƏT PA çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdikləri diqqətə çatdırılıb. Qeyd edilib ki, Bahar Muradova İtaliyanın ATƏT PA-ya sədrliyi dövründə görülən işlərdən danışıb. O, hazırkı dövrdə iqtisadiyyat, hərbi-siyasi, insan hüquqları baxımından mövcud çağırışları qeyd edərək ölkələrin ərazi bütövlüyünə qarşı yönəlmiş təhdidlərin yalnız birgə səylər sayəsində aradan qaldırıla biləcəyini vurğulayıb.
Müəllif diqqətə çatdırıb ki, söhbət zamanı Paolo Qrimoldi Azərbaycanın İtaliya üçün vacib tərəfdaş olduğunu bildirib. Azərbaycan-İtaliya münasibətlərinə də toxunan P.Qrimoldinin ikitərəfli ticarət əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulaması yazıda xüsusi qeyd edilib. Məqalədə İtaliya nümayəndə heyəti rəhbərinin ATƏT-in ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün gözəl qurum olduğunu diqqətə çatdırdığı vurğulanıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma