DÜNYA
İtalyanların 92 faizi yay fəslində səyahət etməyi planlaşdırırlar
Roma, 17 iyun, AZƏRTAC
İtaliya vətəndaşlarının 92 faizi bu yay fəslində səyahət etməyi planlaşdırırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə qlobal səyahət tendensiyalarını təhlil edən “Allianz Partners” şirkətinin hazırladığı beynəlxalq səyahət indeksində deyilir.
Hesabata görə, xüsusən də pandemiyadan sonra avropalıların səyahət etmək marağı artıb. Qitədə, xüsusilə italyanların səyahət etmək istəyi olduqca yüksəkdir. Belə ki, italyanların 92 faizi bu yay səyahət etməyi düşünürlər.
Sağlamlıqla bağlı narahatlıqlar italyanların ölkədaxili səyahətlərə üstünlük verməsinə səbəb olub. İtaliya vətəndaşlarının 81 faizi istirahətlərini ölkə daxilində keçirmək niyyətindədirlər.
Lakin qiymətlərin artması turistlərin səyahət planlarını yenidən tərtib etməsinə səbəb olub. Belə ki, sorğuda iştirak edənlərin yarısı səyahət xərclərinin artmasının onları yay tətili günlərinin sayını azaltmalarına səbəb olduğunu bildiriblər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma