CƏMİYYƏT
İtkin düşən neftçilərin axtarışı zamanı bir naməlum cəsəd tapılıb
Bakı, 1 fevral, AZƏRTAC
İtkin düşən neftçilərin axtarışı zamanı bir naməlum cəsəd tapılıb.
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargahdan AZƏRTAC-a bildirilib ki, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Həyata keçirilən axtarış–xilasetmə əməliyyatları nəticəsində Neftçala rayonunun 1–ci Mayak kəndi ərazisində sahildə naməlum meyit aşkarlanıb.
Tapılan meyitin "Azneft" İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.