İQTİSADİYYAT
İxracyönümlü məhsullar istehsal edən şirkətlər Xorvatiyada sərgidə iştiraka dəvət olunublar
Bakı, 4 yanvar, AZƏRTAC
Azərbaycanda ixracyönümlü məhsullar istehsal edən şirkətlər Xorvatiyada keçirilən sərgidə iştiraka dəvət olunublar.
AZƏRTAC Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadla bildirir ki, fevralın 23-25-də Xorvatiyanın Virovitica şəhərində "Viroexpo 2018" adlı Beynəlxalq iqtisadi, peşə və kənd təsərrüfatı sərgisi keçiriləcək.
2001-ci ildən beynəlxalq səviyyədə (30-a yaxın ölkənin iştirakı ilə) keçirilən sərginin sponsorları Xorvatiyanın iqtisadiyyat, regional inkişaf, kənd təsərrüfatı və turizm nazirlikləri, təşkilatçıları isə Virovitica rayonunun rəhbərliyi, bu ölkənin İqtisadi Palatasının Virovitica bölməsi və həmin bölgənin Turizm Şurasıdır. Azərbaycanın Xorvatiyadakı səfirliyi sərgiyə 2014-cü ildən qatılır.
Qeyd edək ki, 2017-ci ilin əvvəlində keçirilmiş sərgiyə 600-dən çox iştirakçı qatılıb və sərgini 3 gün ərzində 28 mindən çox insan ziyarət edib. İştirakçı dövlətlər sərgidə öz ölkələrinin məhsullarını, sənət nümunələrini və kənd təsərrüfatına aid qurğu və texnikanı nümayiş etdirə bilirlər.