ELM VƏ TƏHSİL


İxtisasartırma təlimlərinin növbəti mərhələsinə başlanılıb

Bakı, 27 noyabr, AZƏRTAC 

Ümumtəhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimlərinin növbəti mərhələsinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” adlı təlimlərin təşkil olunmasının əsas məqsədi ibtidai sinif şagirdlərində oxu vərdişlərini formalaşdırmaq, onların oxuyub-anlama və yazılı mətnlər üzərində işləmə bacarıqlarını inkişaf etdirməkdir.

Təhsil Nazirliyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə keçirilən növbəti təlimlərdə Bakının 12 inzibati rayonu üzrə 480 ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulub.

Təlimlərdə məktəblilərə oxunun əsas komponentləri ilə iş, şagirdlərin oxuya həvəsləndirilməsi yolları, oxuyub-anlama bacarıqlarının inkişafında idrak taksonomiyasının rolu, oxu dərslərinin mərhələli şəkildə təşkili, köməkçi oxu metodlarından istifadə, səmərəli oxu strategiyalarının tətbiqi və digər mövzulardan bəhs olunur.

Praktik, interaktiv metod və strategiyalar əsasında keçirilən təlimlərdə ibtidai sinif müəllimlərinin bilikləri diaqnostik, summativ və formativ qiymətləndirilmə ilə yoxlanılacaq.

Təlimlərin sonunda müəllimlərin yekun qiymətləndirilməsi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçiriləcək.

Yekun qiymətləndirmənin nəticələrinə əsasən, ibtidai sinif müəllimlərinə ixtisasartırma təhsili haqqında sertifikat təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.