CƏMİYYƏT


Jalə Əhmədova: Qurban bayramı xalqımızın minillikləri əhatə edən mənəvi yaddaşının yadigarıdır

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa etdikdən sonra bütün dünya müsəlmanlarının birlik rəmzi olan Qurban bayramı da ölkəmizdə dövlət səviyyəsində qeyd olunmağa başladı. Bu, xalqla dövlətin birliyinin, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sahib çıxmasının təzahürü idi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədov bildirib.

Deputat qeyd edib ki, hər zaman öz mənəvi miraslarını qoruyan, İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini nümayiş etdirən Azərbaycan xalqı əsrlər boyu, hətta tarixin ən mürəkkəb dövrlərində belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası isə bu bayramın müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaratmışdır. Bu gün Qurban bayramı Azərbaycanda tolerantlığın təntənəsinə çevrilərək cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanınan Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin təcəssümüdür.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə hər il ölkəmizdə qeyd olunan dini bayramlar münasibətilə xalqımıza təbriklərini çatdırıb, müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirib. Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham Əliyev Azərbaycan xalqına bayram təbriki ünvanlayır və xoş arzuları çatdırır. Xalqımızın dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edib.

Ölkəmizin İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində növbəti əməli addımı kimi yaddaşlara həkk olunub.

Qurban bayramının fəlsəfəsini təşkil edən və müsəlmanların Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi, Vətən müharibəsində də bütöv Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən naminə canından belə keçməyə hazır olduğunu göstərdi. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə bağlılığının ən bariz nümunəsi idi. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağımızı doğma torpaqlarımızda dalğalandıran da xalqımızın qoruyub saxladığı bu dəyərlərdir.

Vətən müharibəsində qazandığımız şanlı Zəfər xalqımızın kəsdiyi qurbanların və etdiyi duaların qəbul olunmasının göstəricisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.